RUHUN AZADLIQ EHTİRASI

pərvazlanmaq istəyi cinsi oyanışın əlavəsi yox; fərdin həm gözəgörünməz, həm də əvəzolunmaz enerji materiyasıdır və bu materiyanın ilkin mərhələdə “+”, yaxud “-” yüklə yüklənməsinin təsəvvürəgəlməz dərəcədə ciddi əhəmiyyəti var. Bunun belə olduğunu tam dolğunuluğu ilə dərk etmək üçün həyati bir misala diqqət yetirək:

SERGEY ŞEVKUNENKO. XX əsrin 70-ci illərində bu imza sovetlər imperiyasında ən populyar imzalardan biri idi. Necə deyərlər, 14 yaşlı bir uşaq bir gecənin içində misilsiz şöhrət zirvəsinə yetmişdi; “KORTİK” filmində baş rolu ifa etmiş gəncin gələcəyinə hamı ümidlə baxırdı, istedadı ilə bütün ölkə öyünürdü. Sergey Şevkunenko 1959-cu ildə, o zaman “Mosfilm”in aparıcı rejissorlarından sayılan Yuri Şevkukenkonun ailəsində anadan olmuş və elə körpəliyindən hamını fitri istedadı ilə şoka salmışdı, 4 yaşında artıq sərbəst yazıb-oxuyurdu. 1963-cü ildə atasının faciəli ölümündən, böyük bacısının isə əri ilə xaricə getməsindən sonra, o, boş vaxtının demək olar hamısını incəsənət adamları, o dövrün ən məhşur sənətkarları arasında keçirirdi. Eldar Ryazanovun çəkiliş qrupunda çalışan anası Polina da onun gələcəyinə böyük ümidlə baxırdı, çünki Sergey həqiqətən həm istedadlı idi, həm də onda güclü təşkilatçılıq qabiliyyəti, liderlik keyfiyyətləri vardı. Çalışqanlığı, zəhmətsevərliyi də öz yerində. 14 yaşında olarkən çəkildiyi ikinci filmdə – “İtkin düşmüş ekspedisiya”da da o baş rolu ifa edərək, uğur qazandı. 16 yaşında isə… Bir-iki il öncə onunla işləməyi özünə şərəf bilən rejissorlar Sergeydən kəsinliklə imtina etməyə başladılar. Sergeyin davranışındakı sərtlik, hər xırda şey üstündə saatlarla mübahisə etməsi, rejissorların, operatorların göstərişlərinə etiraz etməsi belə bir rəy doğurmuşdu ki, guya cinsi yetkinləşmə ilə bağlı problemlər onun xarakterini tamam korlayıb. Əslində isə, Sergeyin çox sonralar etiraf etdiyi kimi, o “ruhən daha geniş azadlıq, daha çox yaradıcılıq sərbəstliyi istəyirdi”. Nə yazıq ki, heç kim onu başa düşmədi və nəticədə “gələcəyinə böyük ümidlər olan aktyor yaradıcı heyətdən uzaqlaşdırılaraq, texniklərlə oturub-durmağa məcbur edildi”. Bəli, “savadlı intiligentlər” 16 yaşlı istedadın ruhi təlatümlərini başa düşə bilmədilər və… Və bu boşluğu həyət uşaqları doldurdular. Qısa zaman ərzində Sergey “məhəllə bandasının şəriksiz lideri” oldu. Bundan sonrası da bütün pozulmuş talelərə bənzər: 17 yaşında uşaq tərbiyə müəssisəsi, 19 yaşında islah əmək düşərgəsi, sonra daha bir neçə dəfə azadlıqdan məhrum etmə cəzası. Nəhayət, XX əsrin 80-ci illərinin sonunda, o, artıq Ümumrusiya kriminal aləminin “QANUNİ OĞRU”larından biri idi və bu səfil-sərgərdan taleyin son nöqtəsini 1995-ci ildə bir killerin gülləsi qoydu. Bu misalın timsalında bir daha yəqin olur ki, “16 yaş krizisi”nin başlıca səciyyələrindən olan “RUHUN AZADLIQ ETİRASI” həqiqətən də olduqca ciddi bir amildir və məhz bu səbəbdən də həmin krizis məqamının ənənəvi mühitdən kənarda qarşılanması daha məqsədəuyğundur. Çünki ənənəvi mühitdə gənc individin “16 yaş krizisi”nin bu və ya digər formada təzahür edən əlamətləri ya ifrat tənqidə tuş gələ, ya da hədsiz – hüdudsuz lüzumsuz qayğıyla qarşılana bilər ki, bunların da hər ikisi eyni dərəcədə zərərli olan əks göstərişlərdir. Sergey Şevkunenkonun da faciəsi onda idi ki, o, bu krizisi məhz ənənəvi mühitdə yaşamalı olmuşdu və bu çətin krizisin ilk mərhələsi “Mosfilm”də ciddi tənqidə tuş gəlmiş, ikinci mərhələsi isə məhəllə uşaqları arasında hüdudsuz pərəstişlə keçmişdi. Həmin anlarda gənc individ nə qədər müstəqil olarsa, ruhi təlatümləri ilə gündəlik qayğılarını bir araya gətirib uzlaşdırması, deməli həm də seçim yolu tapması- krizisi dəf etmək üçün bütün potensiyasını səfərbər etməsi bir o qədər asan olar. Ən əsası, həyati qayğılar, gerçək həyatın çoxçalarlı reallıqları onu ilk növbədə ifrat inkarçılıqdan çəkinməyə vadar edər ki, “16 yaş krizisi”nin mümkün qədər az fəsadlarla aradan qalxmasında bu amilin rolu müvafiq təlimlərin heç biri tərəfindən inkar olunmayan faktdır. Bütün bu təzadlarına, gərginliklərlə səciyyələnən anotomiyasına rəğmən, “16 yaş krizisi”nin ŞƏXSİYYƏTin formalaşma prosesinin başlanğıcı olması da təkzibimümkünsüz gerçəklikdir. Çünki tərbiyəçilərin, qəyyumların, valideyinlərin köməyi ilə dəf olunan “primitiv krizis”dən fərqli olaraq, “16 yaş krizisi”nin davam etdiyi bütün müddət üçün individin qəlb çırpıntılarının, emosiyalarının yüksək gərginliyi – dünyaya baxışlarının həyat reallıqları ilə çarpışması gerçəkliyi xarakterikdir. Bu gerçəklik, bir qayda olaraq, gənc individin məhdud çərçivəli subyektiv təsəvvürlər kompleksini darmadağın edir ki, bunun da nəticəsində həmin ana qədər dünyanı “nağıllar aləmi” kimi – duyan gənc individ həyatında ilk dəfə, sözün mütləq anlamında nəyəsə təəssüflənir, nəyə görəsə peşimançılıq hissi keçirir, nədənsə qüssələnir… Bir sözlə, gənc individ ilk dəfə mütləq anlamda həm fiziki, həm də mənəvi “əzab çəkir”. ƏSL HƏYAT – cansıxıcı yeknəsəklikdən uzaq, təlatümlərlə, təzadlarla dolu, individin əks fikirlər və öz düşüncələriylə mübarizəsi nəticəsində mənalanan əsl həyat da məhz bu əzablardan, bir-birini harmonik şəkildə tamamlayan fiziki və mənəvi əzabların vəhdətindən başlayır. İnsan məhz bu məqamda, məhz ilk təəssüfünün, ilk peşimançılığının, ilk səhvinin acısından qurtarmaq naminə tam gücüylə irəli atılır; öz daxili “MƏN”inin kamilliyi, yenilməzliyi uğrunda zəfər yürüşünə start verir. Finişdə nə ilə nəticələnəcəyindən asılı olmayaraq, bu zəfər yürüşünün start məqamı bütün ömürlüklər üçün zəruri səciyyədir. Yeganə fərq kimin hansı “daxili mən” uğrunda mücadiləyə başlamasıdır ki, bu fərq də özünü çox gözlətmir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: