Tərbiyə

Həlledici məqam insanın zəruri tələbatlarının sosial, psixoloji-mənəvi, fəlsəfi, tarixi, irsi-genetik aspektləri nəzərə alınmaqla həyata keçirilən

TƏRBİYƏ

mexanizmidir. Hələ ta qədimdən insanın şəxsiyyət kimi formalaşmasına hesablanmış tərbiyə mexanizminin beş əsas parametrə:

– sağlamlıq və fiziki güc,

– zehin aydınlığı və öyrənmə fərasəti,

– təfəkkür itiliyi, idraki təhlil və həyatı dərketmə bacarığı,

– mənəvi zənginlik, əqidə bütövlüyü və əxlaq saflığı,

– estetik duyğuların və zövqün kamilliyi, yəni gözəlliyi duyaraq qiymətləndirmək qabiliyyəti kimi parametrlərə söykənməsi mütləq vacib şərt kimi önə çəkilir.

İnsanın hərtərəfli inkişafı və şəxsiyyət kimi formalaşmasına dair elmi-nəzəri baxışlar bir sıra subyektiv mülahizələr səbəbiylə çox geniş müstəvidə şaxələnsə də, bu yönlü psixoloji tövsiyələrdə əsas etibarı ilə qədim Roma filosofu Senekanın “Psixoqogika nəzəriyyəsi”nə istinad edilməsi artıq bir ənənəyə çevrilib. Mahiyyətində “insanın öz taleyine hakim olması” təlimi dayanan bu nəzəriyyənin tərəfdarlarının nəzəri mülahizələrinin ümumiləşdirilməsindən hasil olan məntiqi qənaəti təxminən belə ifadə etmək olar: şəxsiyyətin formalaşma prosesində tərbiyə işinin fasiləsizliyi başlıca şərtdir və insanın bütün ömür yolunu əhatə edən bu prosesin həm məntiqi, həm də psixoloji cəhətdən bir-birinin vəsiləsi, eyni zamanda, tamamlaycısı olan beş mərhələdən keçməsi labüddür. O mərhələlərin şərti bölgüsü və mahiyyət təsnifatı isə belədir:

1. TƏLQİN. Bu mərhələyə bir qayda olaraq yetkinlik yaşına qədərki dövrdə insana ən zəruri elmlərin öyrədilməsi, xeyirxah əməllərin təlqini şamil olunur. Antik fəlsəfə bu mərhələni “ağ kağız üzərində iş dövrü” kimi xarakterizə edirdi.

2. ÜNSİYYƏTTƏMAS. Bu mərhələyə insanın ətraf mühitə – cəmiyyətə və təbiətə münasibətinin ilkin formalaşma dövrü aid edilir və bu mərhələ fərdin estetik duyğularının cilalanması baxımından ən rasional dövr kimi xarakterizə edilir.

3. ÖZÜNÜDƏRK. Bu mərhələ qazanılmış bilikləri həyat reallıqları müstəvisində idrak süzgəcindən keçirmiş individin öz gücünə uyğun fəaliyyət istiqamətləri müəyyənləşdirmə, əqidə və həyat kredolarını dəqiqləşdirmə dövrü kimi xarakterizə olunur.

4. ÖZÜNÜİFADƏ. Bu mərhələ artıq özünü şəxsiyyət kimi təsdiqləmiş fərdin “akma dövrü”, yəni özünü tam gücü ilə məqsədinə, ideallarına həsr etməsi, öz prinsiplərini cəmiyyətə təqdim etməsi dövrü kimi səciyyələnir.

5. ÖRNƏK. Fərdin qazandığı təcrübəni gələcəyə ötürmək qayğısına qalması mərhələsi kimi səciyyələnən bu dövr şəxsiyyət problemlərini öyrənən bütün nəzəriyyələrdə ən önəmli və həlledici məqam kimi təsniflənir. Yəni qazandığı nəzəri və praktiki dəyərləri gələcəyə ötürməyən şəxs heç bir halda kamil şəxsiyyət kimi dəyərləndirilmir.

İnsanın hərtərəfli inkişafını səciyyələndirən, yəni inkişaf prosesində harmonikliy təmin edən keyfiyyətlərin – fiziki sağlamlıq, öyrənmə qabiliyyəti, həyatı dərk etmək bacarığı, əxlaq saflığı və zövq kamilliyi kimi ali məziyyətlərin təşəkkülünün əsas ağırlığı, heç şübhəsiz ki, şəxsiyyətin formalaşma prosesinin ilk iki mərhələsinə, yəni

TƏLQİN və ÜNSİYYƏT

mərhələlərinə düşür. Və görünür, qədim ərəb mütəfəkkirləri məhz bu reallığı nəzərə alaraq belə bir məntiqi nəticəyə gəlmişdilər ki, “Uşaqlıqda öyrənilən elm qayada həkk olunmuş kimi əbədi, qocalıqda öyrənilən elm isə qum üzərindəki kimi ötəridir”. Amma bu qənaətin həqiqət yükü nə qədər çox olsa da, o heç bir halda “Həyatla birlikdə inkişaf etməyən elm ovxardan düşmüş qılınc kimidir” prinsipinə söykənən materialist filosofların baxışlarının inkarı anlamına gəlməməlidir və gələ də bilməz. Ən azı ona görə ki, uşaqlıq və ilkin gənclikdə öyrənilən biliklər nə qədər fundamental olsa belə, 10-15 il sonranın elmi nailiyyətlərini, təcrübi dəyərlərini əvəz edə bilməz. Bir sözlə, şəxsiyyət kamilliyinin ilk şərti “BEŞİKDƏN QƏBRƏ QƏDƏR ÖYRƏNMƏK”dir.

Bu da yazılmamış bir QANUNdur. Amma nihilistlər həyati təsdiqini tapmış bu qanunu da inkar etməyə çalışaraq, belə bir rəy formalaşdırmağa cəhd edirlər ki, “müəyyən dövrdən sonra insanın öyrənmə qabiliyyəti tam mənada itir”. Rəy formalaşdırmaq istəyində hər kəs sərbəstdir; bir şərtlə ki, o rəyin arxasında ciddi elmi sübutlar, konkret təsdiqləyici amillər dayansın. Nə xoş ki, elmi analizlər nihilistlərin iddialarını birmənalı şəkildə rədd edir. XX əsrin 70-ci illərində Leninqrad psixoloqları insanın müxtəlif psixofizioloji funksiyalarının müxtəlif yaş dövrlərindəki aktivliyini müəyyənləşdirmək üçün genişmiqyaslı layihə həyata keçiriblər. Bu elmi-praktiki layihə çərçivəsində aparılan eksperimentlərə 18-35 yaş intervalında 2300 nəfər cəlb edilib və məlum olub ki, heç bir psixofizioloji funksiyanın aktivlik əmsalı sabit deyil; hər bir funksiyanın aktivlik əmsalı minimum-maksimum şkalasında müəyyən periodikliklə sıçrayışlar edir. Ən əsası, maksimum fəallıqdan maksimum passivliyə qədər enmənin, yaxud da əksinə, yüksəlişin konkret müddətlərini heç bir şərt daxilində sistemləşdirərək proqnozlaşdırmaq, yəni hər hansı psixofizioloji funksiyanın aktivlik əmsalının yaş artıqca azalmasını, yaxud da artmasını tam dəqiqliklə söyləmək mümkün deyil. Məsələn, DÜŞÜNCƏ-TƏHLİL qabiliyyəti 19, 23, 25, 27, 30 yaşlarda daha aktiv olur. Bu maksimum aktivlik illəri arasındakı digər yaş dövrlərində isə bir növ kütləşmə müşahidə olunur: 19 yaşında hər hansı konkret fəaliyyət sahəsində ən incə məqamları belə son dərəcə dəqiqliklə təhlil edib məntiqi qənaətlər hasil edən eyni individ 20-21 yaşlarında 19 yaşındakından xeyli zəif təsir bağışlayır; 23 yaşında isə elə həmin individ sanki ikinci nəfəslə özünün 19 yaşındakı rekordunu təzələyir. YADDAŞ funksiyasında da eyni xaotik titrəyişlər müşahidə olunur. Belə ki, elmi nəticələrə görə, 19, 25, 27, 30, 35 yaşlarda insanın yaddaşı digər illərdəkindən daha güclü olur. Və nə qədər qəribə olsa da, psixofizioloji funksiyalardakı bu dövri aktivlik və dövrü passivlik təkcə 35 yaş həddi üçün səciyyəvi olmayıb, bütün ömür boyunca təkrarlanır. Sən demə, 48 yaşlı insan təkcə diqqətcilliyinə görə yox, həm də yaddaş aktivliyinə görə 18-25 yaşlıları xeyli üstələyirmiş. 60 yaşında fərdin düşüncə aktivliyi 19 yaşındakı qədər olmasa da, hər halda 25-35 yaş intervalındakından yüksək olur. Təbii ki, bütün psixofizioloji funksiyaların eyni anda aktiv olduğu yaş həddləri də var və bu “qızıl vaxt”lardan- 19, 25, 27, 30, 36, 48 yaşların potensial imkanlarından maksimum səmərəli yararlanma şəxsiyyətin özünü təkmilləşdirmə prosesini xeyli sürətləndirə bilər. Amma bu qənaət heç də o anlama gəlmir ki, digər yaş dövrlərində tam süstləşmək, kompleks aktivliklə xarakterizə olunan “qızıl vaxt”ların həsrəti ilə yaşamaq lazımdır. Əsla. Təbii ki, digər yaş dövrlərinin hər biri bu və ya digər psixofizioloji funksiyanın aktivliyi ilə səciyyələnir. Hər funksiyanınsa şəxsiyyətin

formalaşmasında, kamilləşməsində müəyyən bəlli rolu var. Bu funksiyaların oyaq olması, onların imkanlarından maksimum bəhrələnmə əslində elə uzunömürlülüyün, əbədiyaşarlığın təminatıdır. Belə ki, istənilən psixofizioloji funksiyanın aktivliyi özlüyündə emosional aktdır. İstənilən emosional akt isə beyin hüceyrələrinin gərginləşməsini, fəaliyyətinin artmasını stimullaşdırır ki, bu da öz növbəsində orqanizmin həyati vacib parametrlərini- qan dövranı, oksigenlə təminat və sair bu kimi parametrləri intensivləşdirir. Məhz ona görə də psixoloqlar qocalığı “özünütəkmilləşdirmə prosesinin qızıl zirvəsi” adlandırırlar. Bu da bir paradoksdur, amma tam mənada başadüşülən paradoksdur. Fiziki baxımdan fəaliyyət imkanları azalan individ, istər-istəməz ətraf mühitlə təmas imkanlarını başqa yöndə, ruhi-mənəvi müstəvidə axtarır. Və məhz bu istək onu daim yeniləşməyə, nəyisə õyrənməyə, nəyisə öyrətməyə sövq edir. Təbii ki, “qızıl zirvə” dövrünün, “gecikmiş maraqlar” epoxasının zaman ölçüsü individlərin xarakterinə və fiziki parametrlərinə uyğun şəkildə bir-birindən xeyli fərqlənir. Bununla belə, “qızıl zirvə” dövrünün bir şəxsiyyət kimi formalaşmaq, təkmilləşmək istəyənlərin hamısının taleyindəki rolu birmənalı şəkildə eynidir; yaşanmış ömrün bütün əvvəlki mərhələlərinin cəmi səmərəliliyinə bərabər bir effektdədir. Çünki məhz bu dövrdə individ kamilliyin başlıca şərtinə əməl etməyə- örnək göstərməyə, qazandığını verməyə, öyrəndiyini öyrətməyə daha çox meylli olur. Və bu meyl, bu istək fərdin düşüncəsini, yaddașını, zəkasını daim aktiv olmağa məcbur edir. Düşüncənin aktivliyi, ağlın daim gərginlikdə olması isə insanın özünəinamını artırır, yaşamaq həvəsini stimullaşdırır. Bir sözlə, öyrənib-öyrətmək həm də yaşamaq fürsəti, yaddaşlarda əbədiləşmək imkanıdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: