ZÜLMƏTİ YARMAQ QÜDRƏTİ…

Hər kəsə nəsib olmur, babam. Beyninə qədər elm olmalısan ki, varlığın qərq olsun və… Səni içində böyüdən o zülmətin özünəcə üsyan edə biləsən. Səni gözləyən aqibəti bilə-bilə özünü bu alovun ağuşuna atmağa güc tapasan.

        Səndən keçən yolun son ucunda Şirvanın elm həvəsli oğlu Zeynalabdin Təmkin bu qənaətə gəldi ki, “Xalq üç qismdir: Əvvəlimci, övliya- onların batini zahirindən yaxşıdır. Ikimci hükəma – onların zahiri ilə batini bərabərdir. Üçümcü, cahillər- bunların isə zahiri batinindən yaxşıdır”.

“Cahillərin dünyada insanlıqdan başqa hər şeyi var və hər şeyə sahib olan bu cahillər elmi olanların əlindən hər şeyi alıblar, çünki hakim mövqelerinin əldən getməsindən qorxurlar”- min illər boyu dəyərinə xələl gəlməyən həqiqətdir, günümüzün reallığıdır bu. Və Sən yüz illərin o tayında “Həq mənəm, həq məndədir, həq söylərəm”- kükrəyəndə zülmət donuna bürünmüş qaragüruh dəhşətə gəldi, bu işığın qorxusundan bağrı yarıldı, onu boğmaq üçün hər cür rəzalətə qucaq açdı.

Bir şeyi dərk etmədi zülmət dünyası, dərk etmədi ki, sən Allaha yox, Allah adıyla pərdələnmiş cəhalət ordusuna üsyan edirsən. Başa düşmədilər ( bəlkə də istəmədilər) ki, Sən kimsən Allahın iradəsi əleyhinə gedəsən, Səni danışdıran da elə Cənabi- haqqın özüdür, Sənin  əlinlə açmaq istəyir xilqətin gözünü, qaytarmaq istəyir ondan qoparılmış işıq zərrəsini. Ulu Yaradan Səni seçmişdi və Sənin timsalında insan oğlunu başa salmağa çalışdı ki, yalnız haqqı özündə tapanlar Allahın son və “dəhşətli” buyruğunu- ölümü də şərbət kimi içə bilər. Sənin dilinlə dedi ki, Nur ölmür, Günəş batır, batin olur, zühur edir. Necə ki, Sən zühur etdin yüz illər boyunca milyonların qəlbində.

Hə, Nəsimi baba! Daxildə başlayan yol nə vaxtsa aşkara çıxır.  Bir millətin daxilindən başlayan yolun aşkarlaşan nöqtəsi keçdi Sənin gənc ömründən. Səni daşqalaq edənlər bilmədilər ki, cəhdləri əbəsdir. Sübh Mehinin qarşısını kəsmək mümkün deyil və hamilə məmləkətin Nəsimilər doğması Ulu Yaradanın arzusuna müvafiqdi. Bu yolun sonrakı dolanbaclarında bu nurdanca haçansa Xətainin doğulacağından da xəbərsiziydi onlar.

Min illərin o tayından başlayan yolun bizdən keçən bu ucunda Məmləkətimiz yenə hamilədir , Nəsimi baba! Zülməti yarmaq qüdrəti verilmiş bir oğul gözləyir Anamız Azərbaycan. Bəlkə doğulub, bəlkə də bugün doğulacaq, bəlkə də sabah. Bu Cənabi- Haqqın iradəsidi. Nə qədər tez doğulsa, bir o qədər yaxşıdır…                                                                             


SALMAN VİLAYƏTOĞLU…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: